İranın “Tasnim” agentliyi erməni və iranlı ekspertlərin iştirakı ilə “Qarabağ böhranı 3 il sonra” mövzusunda dəyirmi masa keçirib. Müzakirələrdə İrəvan Universitetinin professor, sionizm üzrə ekspert Sergey Melkonyan, universitetin Elbakyan soyadlı digər əməkdaşı, İran tərəfindən Tehran Universitetinin professoru, Rusiya üzrə ekspert Şiva Əlizadə və həmin universitetinin müəllimi, qafqazşünas Seyyid Mehdi Hüseyni iştirak ediblər.
“Tasnim” Melkonyana sual ünvanlayıb ki, Azərbaycanın strateji nöqtələri ələ keçirməsi nə dərəcə məqsədyönlüdür və regionun gələcəyinə necə təsir edəcək?
Yönləndirici sualın cavabında Melkonyan bildirir ki, Azərbaycan və Türkiyə etnik təmizləmə aparmaq istəyirlər, Naxçıvanda erməni izi saxlamadıqları kimi Qarabağda da eyni şey baş verir. Hədəflərinə üç mərhələdə çatacaqlar: Birinci mərhələdə Zəngəzur dəhlizi adı altında Sünikdə möhkəmlənəcək, ikincidə İran-Ermənistan, İran -Gürcüstan yollarının keçdiyi əraziləri Ermənistan hökuməti Azərbaycan verəcək, üçüncüdə isə Azərbaycan bütün Ermənistana iddia edərək buranı Qərbi Azərbaycan adlandıracaq: “Bundan sonra onlar İran və Rusiya üçün də problem yaradacaqlar. Qafanda konsulluq açılması və İranın keçirdiyi hərbi təlimlər çəkindirici faktor oldu”.
Şiva Əlizadə əlavə edib ki, ali dini rəhbər Xameneyinin Türkiyə Prezidenti Ərdoğanla görüşdə dediyi “İran tarixi yollarının bağlanmasına imkan verməyəcək” fikri də çəkindirici faktor olub. Bununla yanaşı onun fikrincə, Rusiya, Çin və İranın siyasi rəhbərləri Qafqazdakı yeni geosiyasi vəziyyəti yaxşı anlamırlar.
Erməni ekspert Elbakayan bildirib ki, rus siyasi təbəqəsində bu məsələni başa düşən çox adam var və Rusiyada belə bir fikir var ki, əgər bu müqavilənin 9-cu bəndinə (2020-ci il 10 noyabr üçtərəfli bəyanatı nəzərdə tutulur-red.) uyğun olaraq rəftar olunarsa, burada nəqliyyat və tranzit yolları açılmalıdır. Amma Putinin düşüncə tərzi ilə heç kim baş çıxara bilməz. Ekspertin növbəti iddiaları öz aləmində Rusiya və Çin ictimai fikirlərini qorxuya salmalıdır: “Dəhlizin tikintisi gələcəkdə İran və Rusiyaya qarşı Qərb ittifaqını gücləndirəcək. İran- Çin, İran-Ermənistan müttəfiqliklərindən də danışmaq olar. Çünki Zəngəzur dəhlizi pantürkizmi Çinə və Şərqi Türküstana yaxınlaşdırır. Dəhlizin tikintisi Rusiyanın Türkiyə və Avropaya qarşı gücünü azaldacaq.
Texniki nöqteyi-nəzərdən bu yollara nəzarət Türkiyə və Azərbaycanın əlinə keçəcək, nəticədə yenə də Rusiya Türkiyədən asılı olacaq və Rusiyanın sanksiyalardan çıxıb-çıxmamsı Türkiyənin əlindədir”. O əlavə edib ki, Zəngəzur dəhlizi ABŞ-ın İranı təcrid etmək strategiyasına uyğundur.
Erməni ekspertin dediklərinin İran mediasında çoxsaylı rəsmi şəxslərin və ekspertlərin dedikləri ilə üst-üstə düşməsi heyrətamizdir. Sanki bu fikirlər ya İrəvanda, ya Tehranda bir şəxs tərəfindən yazılaraq tezis kimi həm ali dini rəhbərə, həm İran XİN-ə, həm də İranın və Ermənistanın ekspertlər ordusuna göndərilib ki, bütün instansiyalarda çıxışlarda təkrarlasınlar.
Digər erməni eksperti Melkonyanun iddiasına görə, İsrailin Qarabağın “işğal olunmuş” rayonlarında varlığı günü-gündən artır: “Türkiyə və İsrail Azərbaycanda xüsusi təyinatlılar hazırlaya bildilər və indi İsrail və Türkiyə eyni ərazilərdə 5 mühüm baza yaradıb. Türkiyə və İsrail İranla həmsərhəd bölgələrdə çoxlu təlim keçmiş qüvvələri öz nəzarəti altında saxlayırlar. İranla həmsərhəd bölgələrə hərbi qüvvələr yerləşdiriblər və ən əsası həmin ərazilərdə iki böyük beynəlxalq hava limanı yaradılıb. Orada yaşayan əhali yoxdursa, o zaman bu hava limanlarının nə mənası var?”
Yeri gəlmişkən, Melkonyan sonuncu ritorik sualı Azərbaycanda bəzi müxalif baxışlı bəzi siyasətçilər tərəfindən də tez-tez səslənir.
Ş.Əlizadə isə deyir ki, “bizim NATO-Turan dəhlizi adlandırdığımız dəhlizlə bağlı Azərbaycan Respublikasının iddiaları onun regiondan kənardan, yəni London və Təl-Əvivdən idarə olunduğunu göstərir. Bu dəhliz uzunmüddətli perspektivdə Çin və Rusiyanın maraqlarına uyğun deyil, Şimal-Cənub dəhlizində bizim tərəfdaşımız olan Hindistan və isti münasibətləri olan Ermənistan-Hindistan oxu var. Əks tərəfdə isə qardaşlıq münasibətləri olan Azərbaycan-Pakistan oxu dayanır”.
Xatırladaq ki, “Tasnim” Xəbər Agentliyi İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan yarı rəsmi xəbər agentliyidir. 2012-ci ildə fəaliyyətə başlamış agentlik müxtəlif siyasi, sosial, iqtisadi və beynəlxalq mövzuları, eləcə də digər sahələri əhatə etmək məqsədi daşıyır. Əvvəllər də xəbər verdiyimiz kimi, SEPAH-a bağlı nəşrlər İranda erməni lobbisinə yaxın ekspertlərə, bilavasitə erməni siyasətçilərinə, hətta separatçı qurumun nümayəndələrinə geniş tribuna verir, ifrat azərbaycanofob təmayülləri ilə seçilirlər.
Cəmaləddin Quliyev, siyasi ekspert