İranın “Sahrgdaily” qəzeti Ermənistan parlamentinin iki üzvünün müsahibəsini dərc edib. “Shargdailly” sual edir ki, Nikol Paşinyana qarşı xüsusilə II Qarabağ müharibəsindəki hərəkətlərinə görə tənqidlərin artmasını nəzərə alsaq, o, 2021-ci il seçkilərində niyə yenidən baş nazir olaraq qaldı? Ermənistan müxalifət hərəkatının Paşinyanı aradan götürmək üçün lazımi siyasi gücü yoxdurmu?
Erməni parlamentinin “Ermənistan” fraksiyasından deputatı, Daşnaksütun Partiyasının üzvü, türkoloq Geqam Manukyan bildirir ki, savaşdan sonra Paşinyan və partiyası şokdan özünə gələ bilməmiş, nə baş verdiyini anlamayan xalqla üz -üzə qalıb. Şuşa və Hadrutu qaytarmaq vədi versə də, əməl etməyib, siyasətini 180 dərəcə dəyişib. Təəssüf ki, erməni müxalifəti də resurslar kafi olmadığından, bu hökuməti devirə bilməyib; amma bu, müxalifətin əsas məqsədi olaraq qalır.
“Şərəfim var” Partiyasından deputat Anna Mkrtçyan isə deyir ki, Paşinyanın yenidən seçilməsinə səbəb iki əsas amil olub; birincisi, qorxu”, ikincisi, hiylə. Paşinyan millətçi hökumətin hakimiyyətə gələcəyi təqdirdə yeni müharibə təhlükəsi ilə xalqı qorxutdu. İkinci amil hiylə idi. Paşinyanın təqdim etdiyi proqram emosional proqram idi və o, “Artsaxın işğal olunmuş rayonlarını, o cümlədən Hadrut və Şuşanı geri alacağını vəd edirdi”. O iddia edir ki, Paşinyan kütləvi həbslərlə də erməni cəmiyyətində qorxu mühiti yaradıb. “Çox açıq deməliyik ki, bəli, təəssüf ki, bu gün müxalifətin Paşinyanı aradan götürməyə gücü çatmır”.
Müsahibə boyu erməni müxalifətini Paşinyana qarşı təhrik etmək, birləşdirmək çağırışları davam edir. İran mediası açıq şəkildə Ermənistanın daxili siyasətinə müdaxilə etmək, özünə xas şəkildə dizayn etməyə çalışır. “Shargdaily” iddia edir ki, Paşinyanın zəifliyi və Rusiyanın əsas diqqəti Ukraynaya yönəltməsi ABŞ-a imkan verib ki, Dağlıq Qarabağ münaqişəsinə daha çox müdaxilə etsin. Ağ evin məqsədi Rusiyanı mühasirəyə almaq, Qafqazda Tehran və Moskvanın iştirakı olmadan geosiyasi münasibətlər sistemi qurmaqdır.
G.Manukyan bu təsbiti bölüşərək bildirir ki, Amerika Qafqazdan Rusiyanı və İranı sıxışıdırıb çıxarmaq niyyətindədir, Paşinyanın yürütdüyü siyasət də ona kömək edir. “Dünyanın əksər güc mərkəzləri həmişə Ermənistanla maraqlanıb. Təəssüf ki, bu gün Ermənistanda biz milli maraqlara məhəl qoymayan bir hökumətlə qarşılaşırıq. Əslində Ermənistan bu gün “sülh” deyilən danışıqlarda iştirak etmir; stolun üstünə qoyulur və onun taleyini başqaları həll edir. Bu, 2018-ci ilə qədər, yəni hakimiyyət dəyişikliyinə qədər mövcud olmayan bir haldır”. Onun fikrincə, məsələ Ukrayna münaqişəsində deyil, belə münaqişələr əvvəllər də olub, amma hökumətlər milli maraqları balanslaşdıra biliblər. Lakin bu gün Ermənistanın öz maraqlarını qoruyacaq qətiyyətli müdafiəçisi yoxdur.
G.Manukyan bildirir ki, son günlər Paşinyanın Rusiyada hərbi paradda, Ərdoğanın andiçmə mərasimində iştirak etməsi də diplomatik fəallıq deyil, o, həmişə hakimiyyətini saxlamaq üçün hamıya: Moskvaya, Vaşinqtona, Ankaraya, Brüsselə və s. xoş gəlməyə çalışıb və bu siyasət Ermənistan xarici siyasətinin böyük uğursuzluğuna səbəb olub.
“Shargdaily” bu cavablardan məmnun olsa da, erməni müxalifətindən Paşinyana qarşı konkret fəaliyyət planı tələb edir. G.Manukyan cavab olaraq deyir ki, ötən il müxalifətin əsas məqsədi Ermənistan və “Arsax”ın təslim olması ilə bağlı yeni sənədin, “Arsax”ın Azərbaycanın ərazi bütövlüyünə daxil edilməsinin qarşısını almaqdır, bu məqsədə çatmağın yeganə yolu isə bu hakimiyyətdən qurtulmaqdır və bu, hələ də müxalifətin əsas proqramıdır. Lakin Ermənistanda elə bir vəziyyət yaranıb ki, klassik siyasəti həyata keçirməklə hərəkət etmək, seçki və dialoq yolu ilə problemi həll etmək mümkün deyil: “İndi ən böyük müxalifət xalqdır”.
Erməni müxalifətinin regional potensialdan istifadə etmək, İranla mədəni, siyasi, diplomatik əlaqələri, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə planlarına gəlincə, Manukyan deyir ki, Ermənistanda müxalifət və hakimiyyət arasında münasibətlər normal olmadığından, İranla əməkdaşlığın dərinləşdirlməsi üçün birgə addımlardan danışmaq olmaz. Yeganə silahları ictimai rəylə işləməkdir, lakin burda da Paşinyana uduzurlar. Bununla yanaşı o, əlavə edir ki, son iki ildə müxalifətin İranla Ermənistan arasında münasibətlərlə bağlı bəyanatları ictimai rəyə müsbət təsir edib. Belə ki, “Gallup”-ın son sorğularına əsasən, erməni xalqı İrana müsbət münasibət bəsləyir və siyasi və hərbi məsələlərlə bağlı daha çox İrandan müsbət gözləntiləri var: “Ermənistanın bu gün mövcudluğunu saxlamaq problemi var və çox az resursa malik Ermənistanın müxalifəti ilk növbədə bu problemi həll edir. Bu gün biz vətəndaşlarımızla söhbət edəndə onların çoxu deyir ki, Ermənistanın müttəfiqi yoxdur, çünki hakimiyyət hamını nə iləsə incitdi. Ona görə də ilk növbədə hakimiyyətin dəyişdirilməsi barədə düşünməliyik. Sonra millətçi hökumətin qurulması ilə müttəfiqlərimizlə strateji ittifaqları düşünməliyik”.
“Shargdaily”-nin növbəti sualı daha da təhrikedici, yönəldici xarakterdədir. “Nə üçün Tehran Ermənistanın sərhədlərinin dəyişdirilməsinə və İran-Ermənistan ərazilərinin bir-birindən ayrılmasına qarşı açıq çıxış edən yeganə tərəf olsa da, parlamentdəki müxalifət hərəkatının heç bir hüquqi dəstəyi yoxdur?”
Manukyan özünə bəraət verir ki, müxalifət qapalı iclaslarda, xüsusən də parlamentin xarici siyasət və təhlükəsizlik komitəsinin ixtisaslaşdırılmış iclaslarında bu cür sualları çox açıq şəkildə ortaya qoyur. Əslində bunu dövlət sirrinin xarici mediaya sızdırılması da saymaq olar. O deyir ki, erməni müxalifəti müxtəlif tribunalardan dəfələrlə İranla münasibətlərin dərinləşməsinə çağırış edir, amma hakim partiya buna imkan vermir: “Ermənistanın indiki iqtidarı o yerə gəlib çatıb ki, öz maraqlarını axtarmaq əvəzinə İranla həmsərhəd olan Sünik vilayətini qoruyur. Bizim maraqlarımızı qoruyan İrandır”.
“Shargdaily”nin növbəti təhrikedici “niyə müxalifətin İran və Ermənistan arasında Sünikin (Zəngəzurun) qorunması haqda qanun layihəsi yoxdur” sualının cavabında A.Mkrtçyan bildirir ki, “sual birgə hərbi-siyasi birlik məsələsinə aiddirsə, Ermənistan konstitusiyasına görə, müxalifətin və parlamentdəki bir nəfərin də belə hallarda qanun layihəsi təqdim etmək imkanı yoxdur. Biz ancaq hökuməti sorğu-sual edə, ictimai rəyə təsir edə bilərik. Səhv etmirəmsə, İranda deputatlar hökumətə və Müdafiə Nazirliyinə bəzi müdafiə və təhlükəsizlik sahələrində qanun layihəsi təklif edə bilməzlər”.
Bu istiqamətdə yorucu suallara kifayət qədər sərt cavabdan sonra “Shargdaily” Zəngəzur dəhlizi ilə bağlı yönəltməyə keçir, Azərbaycanın ünvanına tənqidlər almağa çalışır. A.Mkrtçyan “Zəngəzur dəhlizi” termininə qarşı çıxaraq ənənəvi erməni arqumentlərini təkrarlayır. Bundan sonra Ermənistan konstitusiyasına görə baş nazir və prezidentin ərazi bütövlüyünün ziddinə addım ata bilməyəcəyini bildirir. Dərhal da əlavə edir ki, Paşinyan Laçından qoşunları çıxarmaqla artıq bu qanunu pozub. Yəni o hesab edir ki, Laçın da Ermənistanın ərazi bütövlüyünə daxildir.
Bundan sonra “Shargdaily” öz umacağını da dilı gətirir. Nə əcəb erməni mediası iranlı ekspertlərin rəylərinə yer vermirlər (söhbət ermənidən çox ermənilik edən, azərbaycanofob, türkofob iranlı “hərşeyşünasların” əleyhimizə yazdıqlarının erməni KİV-lərində çap edilməməsindən gedir-C.Q). Amma A. Mkrtçyan bu iradla razılaşmır, deyir ki, erməni KİV-ləri artıq iranlı “işbilən”lərə yer ayırmaqdadır. Erməni müxaliflərinin İrana az səfər etməsinə gəlincə, o bildirib ki, Qafanda konsulluq açılandan sonra bu istiqamətdə də irəliləyiş var.
“Shargdaily”ni “Gallup”-ın son sorğularına görə, Ermənistanda İrana etimadın azalması da narahat edir. Mkrtçyan bu narahatlığı bölüşmür, hələ etimadın yüksək olduğunu deyir. Sorğunun məqsədinin İran olmadığı, ümumən erməni ictimai rəyini öyrənmək olduğunu vurğulayır.
Onu da xatırladaq ki, “Gallup”-ın sorğularını Ermənistanda müxalifətə yaxın şəxslər həyata keçirir. Təsadüfi deyil ki, 2021-ci il seçkiləri zamanı həmin sorğular Robert Köçəryanın Nikol Paşinyandan daha çox səs toplaycağını proqnozlaşdırırdı, amma seçkinin nəticələri sorğunun nəticələrini alt -üst etmişdi.
“Shargdaily” sonra Azərbaycanın İran üçün Ukrayna ola biləcəyi haqda iranlı ekspertlərin yazdığı qorxulu nağıl ssenarisinə erməni müxalifətinin baxışını öyrənməyə çalışır. Mkrtçyan dua edir ki, İran heç zaman savaşa cəlb olunmasın. Sonra iddia edir ki, Azərbaycan “işğal olunmuş Arsax”ı İrana qarşı İsrail üçün Colan təpələrinə çevirib. Amma “Xodanəkərdə (Allah eləməsin), belə bir vəziyyət yaranarsa, əminliklə deyirəm ki, erməni xalqı şüurlu şəkildə İran xalqının tərəfini tutacaq”.
“Shargdaily” iddia edir ki, Türkiyə Mərkəzi Asiya və Cənubi Qafqaza çıxmaq üçün “Sünikin işğalına “fokuslanıb. Mkrtçyan, nəhayət, İran tərəfinin eşitmək istədiyi cavablar səsləndirir. Ankaranın gecə- gündüz pantürkizm, panturanizm haqda düşündüyünü, yalnız İran üçün deyil, Moskva və Pekin üçün də təhlükə mənbəyi olması haqda İran KİV-lərinin bütün fobiyalarını təkrarlayır. Onun fikrincə, təhlükəsizlik naziri Hakan Fidanın xarici işlər naziri təyin olunmasından sonra Qərb Türkiyə siyasətində daha çox iştirak edəcək, bu da İran və Ermənistan üçün mənfi nəticələrə gətirib çıxaracaq.
“Shargdaily” yenidən “Sünikin işğalı, milyonlarla (?-red) insanın miqrasiyaya məcbur olması” təhlükəsindən danışır, erməni müxalifətinin Fransa və ABŞ-dakı diasporun gücündən istifadə etmədiyini bildirir.
Mkrtıçyan cavabında deyir ki, uzun illər Türkiyə və Azərbaycan Respublikası müxtəlif adlar altında erməni diasporu ilə mübarizə aparmağa çalışıb. “Bu gün düşmənlərimizə Paşinyan da qatılıb, diasporun fəaliyyətinə daş atır”.
Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirinin son görüşünü “Shargdaily” Vaşinqton, Bakı, Ankara və Təl-Əvivin İrəvana istənilən nəticəni qəbul etdirmək təşəbbüsü kimi təqdim edir. Mkrtıçyan isə deyir ki, xarici işlər nazirlərinin görüşü protokol xarakterlidir. Amma Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi Vaşinqtonda bir neçə gündür ki, bizim bilmədiyimiz məsələlərlə bağlı danışıqlar aparır. “Bu, Qərblə Türkiyənin sülh müqaviləsi imzalamağa tələsdiyini göstərir. Necə sülh müqaviləsi adlandırmağa çalışsalar da, bu, yeni bir kapitulyasiya sənədi olacaq, sülh əvəzinə yalnız ədalətsizlik və müharibə gətirəcək, müxalifət belə bir şeyin qarşısını almağa çalışacaq... Məsələn, Ermənistan xalqı və parlamentarilər yalnız 2020-ci il noyabrın 9-na keçən gecə memorandumun imzalanmasından sonra xəbər tutdular. Yaxud da Gorus-Qafan yolunun 21 km-lik hissəsinin Azərbaycan əsgərləri tərəfindən tutulması barədə bizə və Ermənistan xalqına məlumat verildi. Hansısa məsələni soruşanda deyirlər ki, bu, Paşinyanla İlham Əliyev arasında şifahi razılaşma əsasında olub. Paşinyan və onun tərəfdarlarının birdən-birə xalqa və parlamentə əvvəlcədən xəbərdarlıq etmədən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmələri buna sübutdur”.
“Shargdailyly” təsbit edir ki, Rusiyanın regiondakı davranışı iki hadisəyə görə dəyişib - Qarabağda rəsmi şəxslərlə görüş və (Laçın postundakı) Azərbaycan bayrağı məsələsinə görə. Mkrtıçyan deyir ki, Rusiya 2020-ci ilin noyabrında saziş imzalayıb və bundan qaça bilməz. “Bu hallar və Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığı “Arsax” xalqının fiziki məhv edilməsi riski Rusiyanın fəallaşmasına, eləcə də beynəlxalq forumlarda Bakının Rusiyaya qarşı düşmənçiliyinin artmasına səbəb oldu”.
Mkrtçyan əlavə edir ki, Rusiyada və bəzi başqa ölkələrin bir çox ekspert və siyasətçiləri diplomatik mülahizələrə əsaslanaraq öz müsahibə və məqalələrində dolayısı ilə xəbərdarlıq edirlər ki, erməni xalqının arxasında xəyanət var və Ermənistanın sadə xalqının danışıqlardan xəbəri yoxdur. Son fikirləri “Shargdaily”nin məqəsədlərinə çatmasının etirafı kimi baxmaq olar. İran siyasətçiləri və ekspertləri artıq üç ildir ki, Ermənistanda Paşinyana qarşı ciddi müxalifət formalaşdırmaq, erməni xalqının hüquqlarının yeganə müdafiəçiləri olduğunu inandırmağa çalışırlar. Yaxın müddətdə bu istiqamətdə fəaliyyətin artacağını da gözləmək olar. İran Ermənistanda daxili siyasi qüvvələr vasitəsilə də Qarabağ danışıqlarına, region uğrunda mübarizəyə təsir etməyə can atır. Onu da deyək ki, müxtəlif ölkələrdə diplomatik karyerası zamanı yerli müxalifətlə sıx işləməsi, 90-cı illərdə isə Bakı-Tbilisi-Ceyhan əleyhinə fəaliyyəti ilə yadda qalmış Mehdi Sübhani artıq İrəvanda səfir kimi işə başlayıb.
Cəmaləddin Quliyev, siyasi ekspert