2022-ci ildə Azərbaycanda ümumilikdə 15 983 boşanma olub. Belə ki, yaş qrupları üzrə boşanma statistikasına görə, boşananların sayı 30 yaşa qədər qadınlar arasında çoxluq təşkil etsə də, 30 yaşdan sonra mənzərə dəyişir. 30 yaşdan sonra ya kişilər cəsarətə gəlir, ya da qadınlar taleləri ilə barışır.
Bununla bağlı sosioloq Əhməd Qəşəmoğlu Publika.az-a açıqlamasında gənclərin ailə haqqında olan təsəvvürünün arzu olunan səviyyədə olmadığını vurğulayıb:
“50-30 il bundan əvvəl gənclər evlənən zaman adət-ənənədən gələn bir qanunauyğunluq var idi. Hər kəs öz vəzifəsini bilirdi. İndi isə bunlar hamısı dəyişib. Qloballaşmanın nəticəsində hər iki tərəfdə fikirlər tam fərqli olub. Ailə anlayışı xeyli mücərrədləşib. Əvvəlki kimi konkret deyil. Hər kəs bir illüziya və arzu ilə ailə modeli qurur. Özünü də o xəyallarda görür. Qızlar ailə deyərkən, bütün yaxşı şeyləri fikirləşirlər. Oğlanlar isə bir qədər adət-ənənələrə bağlıdırlar. Həm də köhnə ailə normalarında ovqat daha güclü olur. Bir tərəfdən də qadınlarla bağlı xeyli təbliğatlar gedir. Kişilərlə bağlı isə demək olar ki, nə maarifləndirmə tədbirləri, nə də təbliğatlar olur”.
Sosioloq bildirib ki, qadın hüquqlarının tez-tez gündəmdə olmasına baxmayaraq, kişi hüquqlarından danışan yoxdur:
“Həmçinin də ailə qurulandan sonra qızlar xəyal dünyasından oyanırlar. Görürlər ki, qurulan xəyallarla reallıq üst-üstə düşmür. Buna görə də qızlar daha tez sarsılırlar. Bu zaman isə valideynlər ağlayıb-sızlayırlar. Valideynlərin müdaxiləsi hesabına qızlar daha tez boşanırlar. 30 yaşdan sonra qadınların az boşanmasının səbəbi uşağın olmasıdır. Ailəyə uşaq faktoru daxil olandan sonra diqqət onun üstünə yönəlir. Artıq qadın daha çox ana rolunu oynayır və başı artıq körpə qayğılarına qarışır. Uşağı tək böyütməkdən qorxur. 30 yaşdan sonra qadınlar öz həyatları ilə barışırlar. Kişilərin isə 30 yaşdan sonra başı fərqli qadınlara qarışır. Bununla da öz həyat yoldaşından soyuyurlar”.
Ə.Qəşəmoğlu həm də boşanmaların artmasından danışıb:
“İctimayyətdə artıq boşanma elə də qınanılmır. Bu da insanlarda özgüvəni artırır. Buna görə də, boşanma hadisəsi tez baş verir. Adətən ölkəmizdə kişilər qadınlardan yaş baxımdan daha böyük olurlar. Bu da boşanmada olan yaş göstəricisinə təsir edir”.
Vəkil Ceyhun Cəfərlinin sözlərinə görə, ər və arvadın yaşı 30-u keçdikdən sonra boşanma ehtimalı azalır:
“Bunun isə bir çox səbəbi var. Əsas səbəb isə psixoloji xarakter daşıyır. Boşanmaya əngəl olan siyahıya sosial-psixoloji xarakterli faktorlar daxildir. Ailədə uşaqların böyüməsi, sosiallaşması, uşağa olan nəzarət anlayışı boşanmanın qarşısını alır. Şəxsi konfliktlər, uyğunsuzluqlar uşaqdan sonra görünməzdən gəlinir. Valideynlərin yaşı artdıqca həyat təcrübələri də artır. Bu isə onları daha da yaxınlaşdırır”.
Vəkil əlavə edib ki, bəzi ailələr cəmiyyətin qınağından utandıqları üçün boşanmırlar:
“Bu baxımdan evlilik prosesində çətinliklər yaşansa da ayrılmırlar. Bu zaman ər və arvad artıq bir-birinə öyrəşməyə, daha da anlayışlı olmağa çalışır. Bəs bu, yaxşı effekt verirmi? Təbii ki, cavab xeyrdir. Bu zaman əsrin problemlərindən birinə çevrilən xəyanətlər başlayır. Hər iki tərəf psixoloji olaraq çökür. Bəzən bu çöküntüdən çıxmağa çalışırlar. Elə də olur ki, özlərində güc tapıb boşanmaq istəyənlər düşünürlər ki, yenidən ailə qurmaq çətin olacaq. Ümumiyyətlə, ayrılmaq istəyən ailələrə hər şeyi sıfırdan başlamaq boşanmaqdan daha çətin və yorucu gəlir”.
Qeyd edək ki, 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2363, qadınlar arasında 3868 boşanma qeydə alınıb. 30-34 yaşda kişilər arasında 4198, qadınlar arasında 3925 boşanma qeydə alınıb. 35-39 yaşda kişilər arasında 3525, qadınlar arasında isə 2614 boşanma qeydə alınıb. 40-44 yaşda kişilər arasında 2254, qadınlar arasında isə 1398 boşanma qeydə alınıb. 45-49 yaşda kişilər arasında 1288, qadınlar arasında isə 804 boşanma qeydə alınıb. 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma qeydə alınıb. 55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337 boşanma qeydə alınıb. Naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.